QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Vətən müharibəsində şəhid olan mayor İlkin Əhədzadənin anası Asəmən Əhədova Zəfərin altıncı ildönümündə ərazi bütövlüyünün bərpasının qürur doğurduğunu bildirib.

O, bu günü yaddaşlardan silinməyəcək tarix adlandırıb. Əhədovanın sözlərinə görə, qələbə şəhid və qazilərin canı, qanı bahasına əldə edilib.

Şəhid anası Zəfər və Bayraq Günü münasibətilə təbriklərini çatdırıb. O, övladlarının şəhid olduqdan sonra bayrağa bükülərək evlərinə gətirildiyini, ataların isə həmin bayrağı qürurla öpüb alnına qoyduğunu söyləyib. Əhədova qələbənin əbədi olmasını və bayrağın daim yüksəklərdə dalğalanmasını arzulayıb.

Oğlunu vətənpərvər, torpağını, bayrağını və Vətənini göz bəbəyi kimi qoruyan biri kimi xatırlayan Əhədova onun həm də rəhmli və sadə insan olduğunu deyib. İlkin Əhədzadə övladları ilə vaxt keçirməyi çox sevirmiş.

Mayor 2020-ci il oktyabrın 1-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 3-də dəfn edilib. Onun üç övladı yadigar qalıb. Zəfər Günündə şəhidin oğlunun da 10 yaşı tamam olur. Əhədova şəhidlərə rəhmət, qazilərə isə sağalma arzulayıb.