Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə gömrük və vergi xətti ilə 4 milyard 973 milyon 263,7 min manat vəsait daxil olub. Daxilolmalarda ən böyük pay ƏDV və Gömrük rüsumlarının payına düşür. ƏDV daxilolmaları 3 milyard 442,2 milyon manat təşkil edib ki, bu da ümumi yığılan vəsaitin 69,2%-ni təşkil edir. Gömrük rüsumları üzrə büdcəyə 1 milyard 309,1 milyon manat (26,3%), aksiz vergisi üzrə 178,6 milyon manat (3,6%), yol vergisi üzrə isə 43,2 milyon manat (0,9%) daxil olub.
İlin 9 ayı ərzində ən yüksək göstərici sentyabr ayında qeydə alınıb. Bu ay büdcəyə 646,4 milyon manat vəsait yönəlib. Həmin dövrdə həm gömrük rüsumları (172,3 mln. manat), həm də ƏDV daxilolmaları (443,3 mln. manat) ilin ən yüksək həddinə çatıb. Ən aşağı göstərici isə mart ayında müşahidə olunub (426,9 milyon manat) bayram tətilləri və iş günlərinin azlığı fonunda. Aprel (622,6 mln. manat) və iyun (609,5 mln. manat) aylarında isə yenidən kəskin artım qeydə alınıb.
Büdcə daxilolmalarında diqqətçəkən digər maraqlı məqam yol vergisi üzrə göstəricilərdir. İlin birinci yarısında aylıq 3,5–4,4 milyon manat arasında dəyişən yol vergisi daxilolmaları yay aylarında – turizm və səfər aktivliyinin pik həddə çatdığı dövrdə kəskin yüksəlib. May ayında 3,49 milyon manat olan yol vergisi daxilolmaları iyulda 5,7 milyon manata, avqust ayında isə ilin maksimumuna – 7,55 milyon manata çatıb. Bu da ilin əvvəli ilə müqayisədə təxminən 2 dəfəyə yaxın artım deməkdir.