Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, sosial mediada kofeşoplarda təqdim olunan məhsulların qiymətləri ilə bağlı müzakirələr davam edir. Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən bu məkanlarda qiymətlərin yüksək olması vətəndaşlar arasında narazılığa səbəb olur. Bəzi vətəndaşlar hesab edir ki, bir fincan qəhvə və əlaqəli içkilər üçün tələb olunan məbləğ hər kəsin büdcəsinə uyğun gəlmir.

İqtisadçı Zahid Məmmədov Demokrat.az-a açıqlamasında bildirmişdir ki, bazar iqtisadiyyatında sahibkar mövcud xərcləri, tələb və təklif balansını nəzərə alaraq qiymət müəyyənləşdirir. O qeyd etmişdir ki, qiymətlərin formalaşmasında yalnız sahibkarın gəlirliliyi deyil, rəqabət mühiti, istehlakçıların maraqları və bazardakı vəziyyət də önəm daşıyır. Sağlam rəqabət şəraitində qiymət siyasətinin qurulması, istehlakçıların düzgün və şəffaf məlumatlandırılması, eləcə də bazarda dominant mövqeyindən sui-istifadə hallarının qarşısının alınması vacibdir.

İqtisadçı əlavə etmişdir ki, istehlakçı üçün qəhvənin qiyməti gündəlik xərclərə və büdcəyə təsir edən əsas amillərdən biridir. Sahibkar üçün isə prioritet fəaliyyətin davam etdirilməsi, xərclərin ödənilməsi və gəlir əldə edilməsidir. O, bazarda tarazlığın qorunmasının əhəmiyyətindən danışaraq qeyd etdi ki, qiymətlər çox yüksək olduqda istehlakçının alıcılıq gücü məhdudlaşır, digər tərəfdən isə sahibkarın xərcləri və gəlirliliyi nəzərə alınmadan qiymət siyasətinə yanaşmaq düzgün deyil. Sağlam rəqabət mühitində sahibkar öz fəaliyyətini davam etdirməli, istehlakçı isə keyfiyyət və qiymət baxımından fərqli təkliflər arasından büdcəsinə uyğun seçim edə bilməlidir.