QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın “Dəmir qapılar” (Iron Gate) planının İran iqtisadiyyatını çökdürmək məqsədinə nail olmayacağını açıqlayıb.
SEPAH təmsilçisi Hüseyn Möhibi Fars agentliyinə bildirib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) formalaşdırdığı yeni işçi qrup Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq siyasətinin nəticə verməsini təmin edə bilməz.
Möhibi “Dəmir qapılar” təşəbbüsünü söz oyunu kimi səciyyələndirib və onun İran iqtisadiyyatını çökdürmək gücündə olmadığını söyləyib. O, ABŞ-ın əvvəllər İran iqtisadiyyatının iki həftə ərzində çökəcəyini proqnozlaşdırdığını, ancaq bu gözləntinin özünü doğrultmadığını iddia edib.
ABŞ Mərkəzi Komandanlığı noyabrın 7-də “Task Force Iron Gate” adlı işçi qrup yaratdığını açıqlayıb. Təşəbbüs İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah sistemləri, ikili təyinatlı texnologiyalar və sanksiyaya məruz qalan materialların daşınmasının qarşısını almağa yönəlib.
Tampa şəhərində yerləşdirilməsi planlaşdırılan qrupun heyətində təxminən 20 hərbi və mülki əməkdaş olacaq. Onun digər ABŞ dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərməsi, həmçinin qanunsuz gəlir axınlarının qarşısını alması nəzərdə tutulur.