QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı Stavropol ərazisində Şimali Qafqazın ən böyük ali təhsil müəssisəsinin — Nevinnomısskdəki Şimali-Qafqaz Federal Universitetinin (ŞQFU) filialının binası zədələnib.
Universitetdən agentliyə bildirilib ki, Nevinnomıssk sənaye infrastrukturuna yönəlmiş kütləvi PUA hücumu zamanı vurulmuş PUA hissələrinin düşməsi nəticəsində Nevinnomıssk Texnoloji İnstitutunun binasında ziyan yaranıb.
Xəbərdə qeyd olunur ki, tələbələr və işçilər xəsarət almayıblar. Təmirlə bağlı qərarın təhsil müəssisəsinin rəhbərliyi tərəfindən veriləcəyi, hazırda bütün dərslərin məsafədən keçirildiyi bildirilib.
Əvvəl verilən məlumatlara görə, noyabrın 26-na keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiya üzərində 343 PUA-nı məhv edib. Hücum müxtəlif regionlarda, o cümlədən Stavropol və Krasnodar diyarlarında, həmçinin Tatarıstan, Başqırdıstan və Krım respublikalarında dəf edilib.