QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Tokayev bu əlamətdar günün Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. Onun sözlərinə görə, Zəfər Günü xalqın həmrəyliyini və milli maraqların müdafiəsində qətiyyətini əks etdirir.
Tokayev qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan BMT Nizamnaməsinin əsas prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünü bərpa edib və suverenliyini möhkəmləndirib. O, bu prosesin ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.
Məktubda Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə yönələn siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi vurğulanıb. Tokayev sülh gündəliyinin irəliləməsinin region ölkələrinin maraqlarına uyğun olduğunu və iqtisadi inkişaf üçün yeni imkanlar yaradacağını qeyd edib.
Qazaxıstan Prezidenti iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin yüksək səviyyəsini də diqqətə çatdırıb. O, birgə layihələrlə genişlənən əlaqələrin, eləcə də xalqlar arasındakı dostluq və qarşılıqlı hörmətin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Tokayev İlham Əliyevə möhkəm cansağlığı, enerji və rifah, həmçinin Azərbaycan xalqının əmin-amanlığı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb.