QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok-un insanların beyin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.

O, bu fikirləri Moskvada süni intellekt sahəsində çalışan gənc mütəxəssislərlə görüşü zamanı səsləndirib. Tokayev smartfonların imkanlarının təkcə zəng, yazışma və film izləməklə məhdudlaşdırılmamalı olduğunu deyib.

“İndi hamı smartfondan istifadə edir, amma nədənsə elə düşünürlər ki, o yalnız zənglər etmək, yazışmaq, bəlkə də, hansısa filmlərə baxmaq üçündür. “TikTok”... O, insan beynini, xüsusən də gənclərin beynini məhv edən qorxunc bir şeydir”, - Tokayev bildirib.

Prezident ölkədə xalq rəqəmsal iqtisadiyyatının inkişafı istiqamətində çalışdıqlarını qeyd edib. Onun sözlərinə görə, smartfondan düzgün istifadə və internetə çıxış, hətta ucqar yaşayış məntəqələrində yaşayan vətəndaşlara da gəlir əldə etmək imkanı yarada bilər.

Tokayev müasir texnologiyalardan yararlanmaqla qanuni qazanc əldə etməyə imkan verən rəqəmsal bacarıqların əhaliyə öyrədilməsinin vacibliyini vurğulayıb.

“Bunu mən xalq rəqəmsal iqtisadiyyatı adlandırıram”, - Qazaxıstan Prezidenti deyib.