QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri noyabrın 26-na keçən gecə Rusiyanın Başqırdıstan Respublikasında yerləşən neft nəqli stansiyasına pilotsuz uçuş aparatları ilə hücum edib.

“Astra”nın məlumatında hadisə şahidlərinin çəkdiyi görüntülərə istinad olunur. Bildirilir ki, dron qalıqları sənaye zonasına düşdükdən sonra yanğın başlayıb. Yerli sakinlərin çəkdiyi foto və videolarda ərazidən sıx qara tüstünün qalxdığı və geniş yanğının baş verdiyi görünür.

Subxankulovo XGİS “Transneft” sisteminin Ural bölgəsindəki əsas neft nəqli mərkəzlərindən sayılır. Stansiyaya Qərbi Sibir və Başqırdıstandan neft gətirilir, burada saxlanılır və başqa istiqamətlərə ötürülür. Xam neft buradan emal müəssisələrinə və magistral boru kəmərlərinə daşınır.

Obyektdə ümumi tutumu 160 min kubmetr olan 10 neft çəni yerləşir. Ukrayna sərhədindən təxminən 1300 kilometr aralıdakı stansiya iyulun 23-də də hücuma məruz qalmışdı.

Son aylarda Başqırdıstan Ukrayna dronlarının təkrar hədəfləri sırasında yer alıb. Noyabrın 17-də və oktyabrın 8-də Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri olan “Qazprom Neftexim Salavat”a pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

Müəssisədə benzin, dizel, kerosin, mazut, polietilen, polistirol, ammonyak, karbamid və butil spirtləri istehsal edilir. Zavodun Rusiya ordusunun təchizatında da rol oynadığı bildirilir.

Oktyabrın 29-da Başqırdıstan Soda Şirkətinin (BSC) zavodu da hücuma məruz qalıb. O, Rusiyanın əsas soda külü və çörək sodası istehsalçılarından biridir, həmçinin hərbi sənaye müəssisələrini xlorid turşusu və dixloretanla təmin edir. Şirkət ölkədə tereftaloil xlorid istehsal edən yeganə müəssisədir. Bu birləşmə yüksək möhkəmlikli polimerlərin, ballistik sapların və hərbi təyinatlı aramid materiallarının hazırlanmasında işlədilir.

Yay və payız aylarında Ukrayna dronları Ufadakı neft emalı zavodlarını da bir neçə dəfə vurub. Söhbət illik ümumi istehsal gücü 23,5 milyon ton olan “Başneft-UNPZ”, “Başneft-Ufaneftexim” və “Başneft-Novoil” müəssisələrindən gedir.