QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, LUKoil-un təsisçisi Vahid Ələkbərov şirkətin Rusiyadan kənarda işə başladığı ilk ölkələrin Azərbaycan və Qazaxıstan olduğunu bildirib.
Bakının ötən illərdəki dəyişikliklərindən danışan Ələkbərov neft yataqlarının işlənməsi nəticəsində əldə olunan gəlirlərin əhalinin rifahına yönəlməsində Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu vurğulayıb.
O, fikirlərini Səidə Medvedyevanın LUKoil-un 35 illiyinə həsr etdiyi “Rusiya nefti ilə vahidik” sənədli filmində səsləndirib.
Ələkbərovun sözlərinə görə, Azərbaycan və Qazaxıstanın rəhbərləri layihələrə sərmayə cəlb edilməsinə şərait yaradıb. O, iki ölkədə həyata keçirilən təşəbbüsləri nadir nümunə kimi qiymətləndirib. Ələkbərov qeyd edib ki, hər iki Əliyev neft yataqlarının işlənməsi və əldə edilən vəsaitin insanlara fayda verməsi üçün mühüm işlər görüblər. Onun sözlərinə görə, şəhərlər də zamanla dəyişərək yeni görkəm alıb.
LUKoil-un Azərbaycandakı layihələri sırasında 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” yer alıb. Saziş Bakıda “Azəri” və “Çıraq” yataqlarının, eləcə də “Günəşli”nin dərin sulu hissəsinin işlənməsini nəzərdə tuturdu. Layihədə şirkətin payı 10 faiz təşkil edib. 1996-cı ildə LUKoil Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” layihəsinə də qoşulub.
Ələkbərov Xəzər dənizinin şimalında aparılan kəşfiyyat işlərinin risklərini də xatırladıb. Həmin ərazidə əvvəllər qazılan bir neçə quyudan nəticə əldə olunmayıb. O, sonrakı uğuru mühəndislərin zəhməti və müəyyən qədər bəxtlə əlaqələndirib. Ələkbərovun sözlərinə görə, 5 min metr dərinlikdə nə olduğunu əvvəlcədən bilmək çətindir və qazma istiqamətində bir kilometrlik fərq belə uğursuzluğa səbəb ola bilər.
LUKoil-un beynəlxalq bazarlardan çəkilməsini siyasi şəraitlə izah edən şirkət təsisçisi, onilliklər ərzində investor olduqları ölkələrin şirkəti yenidən dəvət edəcəyinə ümid etdiyini deyib. Ələkbərov şirkətin qapıları tam bağlamadığını və geri qayıtmağa hələ də ümid bəslədiyini bildirib.