QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, WhatsApp istifadəçilərin məxfiliyini gücləndirmək üçün mətn mesajlarının birdəfəlik oxunması funksiyasını sınaqdan keçirir.

Yenilik Android üçün tətbiqin 2.26.45.6 beta versiyasını istifadə edən bəzi şəxslərə təqdim olunub. Funksiya adi mətnlərə “Bir dəfə bax” (View Once) rejimini tətbiq etməyə imkan verir. Bu barədə WABetaInfo məlumat yayıb.

Mesajı bu rejimdə göndərmək üçün çatda mətn yazdıqdan sonra göndərmə düyməsini basıb saxlamaq, açılan menyuda isə “View Once” seçimini etmək lazımdır. Bundan sonra mesaj göndərilir.

Qəbul edən istifadəçi məzmunu çatda birbaşa görə bilməyəcək. Mesajı oxumaq üçün onun üzərinə toxunaraq ayrıca pəncərəni açmalıdır. Pəncərə bağlandıqdan sonra mətnə yenidən baxmaq mümkün olmayacaq. Çatda mesajın açıldığını göstərən işarə də görünəcək.

Məxfilik tədbirləri çərçivəsində mesajı köçürmək, digər çatlara yönləndirmək və saxlamaq mümkün olmayacaq. Həmçinin, mətn açıq olduğu zaman ekran görüntüsü və ekran yazısının çəkilməsi bloklanacaq.