QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov sosial şəbəkələrdə təhqir və söyüş hallarının, eləcə də bunun gənclərə təsirinin narahatlıq doğurduğunu bildirib. Onun fikrincə, problemin qarşısının alınması hüquqi, texnoloji və maarifləndirici tədbirləri əhatə etməlidir.
İnformasiya məkanının ünsiyyət vasitəsi olmaqla yanaşı, təsir və manipulyasiya imkanına çevrildiyini deyən deputat söz azadlığı ilə məsuliyyətsizliyin, tənqidlə təhqirin qarışdırılmasının milli-mənəvi dəyərlərə və ictimai rəyə zərər vurduğunu qeyd edib. Sosial platformalardakı etik normalar və onların cəmiyyətə təsiri Milli Məclisdə də müzakirə olunur.
İskəndərov bildirib ki, tənqid demokratik hüquqdur, ancaq təhqir bu anlayışa aid deyil. Onun sözlərinə görə, insan ləyaqətini alçaldan ifadələr, söyüş, böhtan, şantaj və nifrət nitqi cəmiyyətin mənəvi sağlamlığına mənfi təsir edir. Uşaqların və yeniyetmələrin belə mühitdə böyüməsi isə gələcəkdə narahatlıq yaradır, çünki virtual aləmdəki mənfi hallar real həyata da keçir.
Deputat hüquqi istiqamətdə qanunvericiliyin səmərəli tətbiqini, platformaların məsuliyyətinin artırılmasını və qanunsuz məzmun barədə çevik şikayət mexanizmlərinin yaradılmasını vacib sayır. O, saxta hesablar vasitəsilə hüquqazidd əməllər törədən şəxslərin qanuni prosedurlarla müəyyən olunması imkanlarının da təkmilləşdirilməsini təklif edib.
İskəndərov təhsil müəssisələrində rəqəmsal savadlılıq və sosial media etikası üzrə tədrisin genişləndirilməsinə çağırıb. Onun fikrincə, uşaqlara texnologiyadan istifadə ilə yanaşı, onun risklərindən qorunma yolları da öyrədilməlidir. Məqsəd söz azadlığını məhdudlaşdırmaq deyil, insan hüquqlarını və cəmiyyətin mənəvi dəyərlərini müdafiə etmək, qanuni tənqidlə təhqir arasındakı sərhədi aydınlaşdırmaqdır.
Deputat vurğulayıb ki, sosial şəbəkələr virtual olsa da, təhqirə məruz qalan insan, nüfuz itkisi və mənəvi zərər realdır. Onun sözlərinə görə, rəqəmsal dünyanın tərəqqisi insanın mənəvi inkişafını qabaqlamamalıdır.