QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 8 Noyabr Zəfər Günü Azərbaycanın tarixində mühüm yer tutur. Bu gün 44 günlük müharibədəki qələbə ilə yanaşı, uzunmüddətli işğalın sona çatmasını, tarixi ədalətin bərpasını və xalqın milli iradəsinin təzahürünü simvolizə edir.
Qələbəyə aparan proses Ermənistanın ərazi iddiaları, Birinci Qarabağ müharibəsi və Azərbaycan torpaqlarının işğalı ilə müşayiət olundu. Bir milyondan artıq insan doğma yurdunu tərk etməyə məcbur qaldı, şəhər və kəndlər dağıdıldı, tarixi-dini abidələr zərər gördü, insanların fundamental hüquqları pozuldu.
Münaqişənin hüquqi çərçivəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr mühüm yer tutur. Sənədlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləyir, işğalçı qüvvələrin tutduqları ərazilərdən çıxmasını tələb edirdi. Beynəlxalq vasitəçilik cəhdlərinə baxmayaraq, qətnamələrin icrası uzun müddət təmin edilmədi.
Azərbaycan həmin illərdə ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin prioriteti kimi saxladı. Ordu quruculuğu, iqtisadiyyat və müdafiə imkanlarının gücləndirilməsi gələcək qələbənin əsaslarını yaratdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini və yaşayış məntəqələrini yenidən atəşə tutmasından sonra Ordumuz əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən döyüşlər zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları, Hadrut qəsəbəsi, eləcə də ümumilikdə 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad olundu.
Döyüşlərin gedişində həlledici məqam noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Şəhər strateji əhəmiyyəti ilə yanaşı, Azərbaycanın mədəni irsi və tarixi yaddaşında xüsusi yerə malikdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin gün səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri xalqın təxminən 30 ilə yaxın gözləntisinin gerçəkləşdiyini göstərdi.
Zəfərə uzunmüddətli ordu quruculuğu, müasir hərbi texnologiyalardan istifadə, iqtisadi imkanlar və hərbi strategiya zəmin yaratmışdı. Prezident İlham Əliyevin siyasi iradəsi, hərbi-strateji qərarları və diplomatik fəaliyyəti də qələbədə mühüm rol oynadı. Xalqın ordu ilə həmrəyliyi və birliyi isə onun əsas dayaqlarından biri idi.
Qələbə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və özünümüdafiə prinsipləri ilə bağlı idi. Bu baxımdan BMT Nizamnaməsinin 2-ci və 51-ci maddələri əhəmiyyətli hüquqi əsaslar təşkil edirdi.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat hərbi əməliyyatları dayandırdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmalı oldu. Bununla ərazi bütövlüyünün bərpasında mühüm mərhələ tamamlandı.
Ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması isə 2023-cü ilin sentyabrında baş tutan lokal antiterror tədbirlərindən sonra yekunlaşdı. 2020-ci il qələbəsi ərazi bütövlüyünün bərpasında həlledici addım, 2023-cü il hadisələri isə dövlət hakimiyyəti və konstitusiya quruluşunun bütün ərazilərdə təmin edilməsi baxımından tarixi mərhələ oldu.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi. Qərar Şuşanın azad edilməsinə və xalqın tarixi qələbəsinə dövlət səviyyəsində verilən hüquqi-siyasi qiymət idi.
Hazırda əsas vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması və Böyük Qayıdışın həyata keçirilməsidir. Dağıdılmış yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun qurulması və sakinlərin doğma torpaqlarında təhlükəsiz yaşamasının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Mina təhlükəsinin aradan qaldırılması, məcburi köçkünlərin hüquqlarının qorunması və davamlı yaşayış şəraitinin yaradılması da bu işlərin mühüm hissəsidir.
Zəfərin bədəli də unudulmamalıdır. Şəhidlərin qəhrəmanlığı, qazilərin fədakarlığı və müharibə iştirakçılarının xidmətləri xalqın yaddaşında yaşayacaq. Qələbə tarixinin gələcək nəsillərə düzgün çatdırılması da vacib vəzifələr sırasındadır.
Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşdırdı. Ölkə regionda davamlı sülhün, əməkdaşlığın və iqtisadi əlaqələrin dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmət əsasında qurulmasını müdafiə edir.
Beləliklə, 8 Noyabr təkcə hərbi qələbəni deyil, milli iradənin, dövlət qətiyyətinin və tarixi ədalətin təntənəsini ifadə edir. Zəfər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin, güclü ordunun və xalq birliyinin nəticəsi kimi qiymətləndirilir.
Qazanılmış nailiyyətləri qorumaq, azad edilmiş ərazilərdə davamlı inkişafı təmin etmək, milli birliyi gücləndirmək və güclü, təhlükəsiz, suveren Azərbaycanı gələcək nəsillərə ötürmək qarşıda duran əsas vəzifələrdir.