QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ hava limanlarında uçuşların bir neçə saat dayanmasına səbəb olan nasazlığın kiberhücumla əlaqəsi müəyyən edilməyib. Bu barədə ölkənin nəqliyyat naziri Şon Daffi mətbuat konfransında danışıb.

Daffi bildirib ki, baş verənlərlə bağlı kiberhücum və ya xarici ölkənin şəbəkəyə müdaxiləsi ehtimalı araşdırılıb, lakin belə bir nəticəni təsdiqləyən əlamət tapılmayıb.

Nazirin sözlərinə görə, problem ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemində texniki işlərin aparıldığı vaxt yaranıb. FAA-nın ucqar obyektlərindən birində “L3Harris” şirkəti mis rabitə xəttini fiber-optik kabellə əvəz edirmiş.

İlkin ehtimallara görə, kabelin dəyişdirilməsi düzgün həyata keçirilməyib və ya sistemə işləməyən marşrutlaşdırıcı qoşulub. Nəticədə ABŞ üzrə hava nəqliyyatında genişmiqyaslı fasilə baş verib.

Daffi uçuşların idarə edilməsində istifadə olunan avadanlığın işinin hazırda tam bərpa olunduğunu qeyd edib. Bununla yanaşı, reyslərdə gecikmələrin və ləğvlərin davam edə biləcəyi bildirilir.

Hadisənin konkret səbəbini müəyyənləşdirmək üçün araşdırma aparılır.