QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya dəstəyin Fransa və Avropanın təhlükəsizliyi baxımından mühüm olduğunu bildirib.

Makronun “X” sosial şəbəkəsində Fransa vətəndaşlarına ünvanladığı müraciətdə Parisin Kiyevə maliyyə və hərbi yardımını davam etdirmək, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında iştirak etmək niyyətində olduğu qeyd edilib.

“Ukraynanın özünü qorumasına yardım Fransa və fransızların müdafiəsinə xidmət edir. Rusiya güc tətbiq edərək iradəsini Avropa ölkələrindən birinə qəbul etdirərsə, bütün Avropa zəifləyər”, – Fransa lideri vurğulayıb.

Makron Moskvanın danışıqlara maraq göstərdiyini düşünmədiyini söyləyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumları qışda ölkəni elektrik enerjisiz qoymaq və Kiyevi Moskvanın şərtlərinə razı salmaq məqsədi daşıyır. O, buna görə də Ukraynaya hərbi və enerji yardımının davam etdirilməsinin vacibliyini qeyd edib.

“Ukraynanın imkanlarını zəiflətməyə çalışanlar onu ədalətsiz sülhə razı salmağa, bununla da həm ölkəni, həm də bütün Avropanı uzun müddət müdafiəsiz vəziyyətdə qoymağa çalışırlar. Bu, məğlubiyyət düşüncəsidir və növbəti müharibəyə zəmin yaradır. Fransa bu yanaşmanı qəbul edə bilməz”, – Makron bildirib.

Fransa prezidentinin qeyd etdiyi digər prioritet ədalətli və uzunmüddətli sülhə nail olmaqdır. O hesab edir ki, Avropa bu prosesdə tamhüquqlu iştirak etməlidir, çünki əldə olunacaq nəticə bütün qitənin təhlükəsizliyinə təsir edəcək.

Makron Fransanın təşəbbüsü ilə Dublində təşkil olunan Avropa Siyasi Birliyinin sammitində 42 ölkənin Avropanın təhlükəsizlik prinsipləri barədə bəyannaməni təsdiqlədiyini də xatırladıb. O, Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayan “İstəklilər koalisiyası”nın fəaliyyətinə də toxunub.

Makronun sözlərinə görə, plan Ukrayna ordusuna dəstəyi və atəşkəsdən sonra ölkəyə yerləşdirilməsi mümkün olan çoxmillətli qüvvələrin hazırlanmasını əhatə edir. Təlimlər hazırda Polşada aparılır, koalisiya üzvlərinin növbəti toplantısının isə Berlində keçirilməsi nəzərdə tutulur.

“Avropanın ən böyük fəaliyyətdə olan ordusuna sahib Ukrayna NATO-da aparıcı yer tutmalıdır”, – Makron yazıb.

O, Fransanın əsas məqsədinin Ukraynada davamlı sülhə nail olmaq və Avropanın ümumi təhlükəsizlik sistemini gücləndirmək olduğunu vurğulayıb.

Bəyanat Fransada kütləvi etirazların keçirildiyi vaxt səsləndirilib. Nümayişçilərin bir qismi hökuməti Ukraynaya hərbi yardımı dayandırmağa və həmin vəsaiti ölkədaxili problemlərin həllinə ayırmağa çağırıb. Son məlumatlara görə, şənbə günü keçirilən aksiyalarda 106 min nəfər iştirak edib, 121 nəfər saxlanılıb.