QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Portuqaliyanın 30-dan artıq şəhər və yaşayış məntəqəsində on minlərlə insan mənzil və kirayə qiymətlərinin sürətlə yüksəlməsinə etiraz edib.
Aksiyaçılar yürüşlərdə “Mənzil hüququmuzun əlimizdən alınmasına icazə verməyəcəyik” şüarını səsləndiriblər. İştirakçılar arasında gənclər və təqaüdçülər də olub. Onlar kirayə haqlarının artımının məhdudlaşdırılmasını, evdən çıxarılma riski ilə üzləşən kirayəçilər üçün hüquqi müdafiənin gücləndirilməsini və əlçatan mənzil sayının artırılmasını istəyiblər.
Avrostatın göstəricilərinə əsasən, 2015–2025-ci illərdə Portuqaliyada mənzil qiymətlərinin gəlirlərə nisbəti 61 faiz yüksəlib. Bu, Avropa İttifaqı ölkələri arasında ən yüksək göstəricidir. Ölkədə kirayə haqqı isə 2020-ci ildən bəri 68 faiz artıb.
Daşınmaz əmlakın bahalaşması xarici alıcıların və investisiya fondlarının fəallığı, Portuqaliyanın frilanserlər və təqaüdçülər üçün cəlbediciliyi, eləcə də turizm və qısamüddətli kirayə sektorlarının genişlənməsi ilə əlaqələndirilir.
Hökumət böhrana qarşı tədbirlər sırasında yeni tikililərə tətbiq olunan vergilərin azaldılmasını, qısamüddətli kirayələrin məhdudlaşdırılmasını və 145 min ev tikintisini nəzərdə tutan planı açıqlayıb. Bununla belə, hakimiyyət tədbirlərin təsirinin dərhal görünməyəcəyini qeyd edib.