QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakının Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq üçün nəzərdə tutulan tunelin inşası hazırda aparılmır. Tunel Xəqani Rüstəmov küçəsini Ağa Nemətulla küçəsi ilə birləşdirməlidir.

Tikinti sahəsinə baxış zamanı materialların ərazidə toplandığı, amma işçilərin və texnikanın olmadığı müşahidə edilib.

Sürücülər tikinti müddətinin uzanmasının nəqliyyat sıxlığını artırdığını düşünürlər. Onların fikrincə, layihənin başa çatması həm həmin küçələrdən istifadə edənlər, həm də ətraf ərazilərdə hərəkətin təşkili üçün əhəmiyyət daşıyır.

Tunelin inşası 2025-2030-cu illəri əhatə edən dövlət proqramında nəzərdə tutulan layihələr sırasındadır. Tikintinin hansı mərhələdə olduğu, işlərin hansı səbəbdən dayandırıldığı və nə zaman bərpa ediləcəyi ilə bağlı suallar yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərilib. Qurum qeyri-iş günü olduğuna görə məlumatı iş həftəsi ərzində dəqiqləşdirərək açıqlayacağını bildirib.