QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramını yenidən işə salmaq istiqamətində addımlar atdığını bildirib. O, təhlükəsizlik təhdidlərinə qarşı mübarizə üçün milli birlik hökumətinin yaradılmasını təklif edib.

Netanyahu bu fikirləri İsrail Müdafiə Ordusunun Baş Qərargahının keçmiş rəisi Qadi Ayzenkotla görüşdən sonra “X” sosial şəbəkəsində paylaşıb.

İsrail hökumət başçısı uranın zənginləşdirilməsinin bərpası və nüvə silahının sürətlə hazırlanması ehtimalından narahat olduğunu deyib. Onun sözlərinə görə, bu halda İran nüvə silahını İsrailə qarşı istifadə edə bilər.

“Am Kelavi” və “Şaaqat Haari” əməliyyatlarında birbaşa məhvetmə təhlükəsinin qarşısı alındığı kimi, gələcəkdə də belə bir ssenarinin baş verməməsi üçün mümkün olan bütün tədbirlər görülməlidir”, – Netanyahu bildirib. O, mövcud təhlükənin birdəfəlik aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Netanyahu Ayzenkotla söhbətin yəhudi xalqının dövləti olan İsrailin mövcudluğunu dəstəkləyən siyasi qüvvələrin daxil olduğu milli birlik hökumətinə ehtiyac barədə mövqeyini möhkəmləndirdiyini qeyd edib. Onun qənaətinə görə, belə hökumət təhlükəsizliklə bağlı mürəkkəb məsələləri daha yaxşı həll etməklə yanaşı, milli barışığa da xidmət edə bilər.

Baş nazir Ayzenkotu fikir ayrılıqlarını arxa plana keçirərək, ilkin şərtlər irəli sürmədən geniş siyasi koalisiyanın yaradılması ilə bağlı danışıqlara başlamağa çağırıb.

O, milli təhlükəsizlik və ölkənin gələcəyi ilə bağlı razılaşmaların əldə olunmasının, eləcə də ultraortodoksal icmanın nümayəndələri ilə birlikdə hərbi mükəlləfiyyət məsələsinin həllinin əhəmiyyətini vurğulayıb.