QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Almaniyanın İqtisadiyyat Nazirliyi qarşıdan gələn qışda təbii qaz sərfiyyatını azaltmaq məqsədilə ehtiyat kömür elektrik stansiyalarının yenidən işə salınmasını mümkün edən qanun layihəsi hazırlayır.

Bu addım qaz anbarlarının doluluğunun aşağı olması və yanacaq çatışmazlığı ehtimalı ilə əlaqədar gündəmə gəlib. Hazırlanan sənəddə enerji təchizatında fövqəladə vəziyyət elan olunarsa, ehtiyat kömür stansiyalarının müvəqqəti olaraq elektrik enerjisi bazarına qayıtması nəzərdə tutulur.

Hazırda belə stansiyalar, əsasən, qışda enerji sisteminin sabitliyini qorumaq üçün istifadə edilir. Operatorların çəkdikləri xərclər ödənilsə də, onlar stansiyaların güclərinin istismarından gəlir əldə etmirlər.

Layihədə şəbəkə ehtiyatında saxlanılan stansiyaların, eləcə də 2026, 2027 və 2028-ci illərdə kömürdən istifadə məhdudiyyəti tətbiq olunan obyektlərin fəaliyyətə qaytarılması mümkün sayılır. Əlavə elektrik istehsalı güclərinin 2028-ci ilin mart ayının sonunadək istifadə olunması gözlənilir.

Hakimiyyət stansiyaların qısa müddətdə işə salınmasına hazır olmaq üçün operatorlardan kifayət qədər personal saxlamağı və yanacaq ehtiyatı yaratmağı tələb etməyi planlaşdırır.

Ehtiyat güclərin saxlanması ilə bağlı məsrəflərin istehlakçılar tərəfindən qarşılanması nəzərdə tutulur. Bu, o cümlədən şəbəkə haqlarının artırılması yolu ilə həyata keçirilə bilər.