QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyəli müğənni Mustafa Ceceli telefon və internet üzərindən törədilən dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
İğdır şəhərinin işğaldan azad olunmasının 106-cı ildönümü tədbirləri çərçivəsində bölgəyə gedən Ceceli yerli polis idarəsində maarifləndirici video çəkilişində iştirak edib.
Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşının da yer aldığı videoda müğənni bildirib ki, özünü polis, hərbçi və ya prokuror kimi təqdim edən şəxslərin vətəndaşlardan pul və yaxud qızıl istəməsi mümkün deyil. O, belə tələblərə inanmamağa və bu hallarla üzləşdikdə 112 Təcili Çağrı Mərkəzinə məlumat verməyə çağırıb.
Polis əməkdaşı internetdən alış-veriş edərkən diqqətli olmağın vacibliyini qeyd edib. Vətəndaşlara alış-veriş saytlarının etibarlılığını araşdırmaq, bank və kart şifrələrini başqaları ilə bölüşməmək tövsiyə olunub.
Video İğdır Polis İdarəsi tərəfindən dələduzluq üsulları barədə vətəndaşları məlumatlandırmaq məqsədilə hazırlanıb.