QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin nüfuz alverində ittiham olunan əməkdaşları barədə cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yardımlı Rayon Məhkəməsində keçirilən iclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və öhdəlikləri onlara izah olunub. Məhkəmə işi baxışa qəbul edib. Baxış iclası dekabrın 10-da keçiriləcək.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin aprelində əməliyyat keçirib. Nəticədə Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıblar.

İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərov da daxil olmaqla, üç nəfərə Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə — vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, yəni nüfuz alveri ittihamı irəli sürülüb.

Məhkəmə Elçin Mirzəyev və Yaşar Eyvazov barəsində həbs qətimkan tədbiri seçib. Namiq Səfərovun polis nəzarətində olduğu bildirilib.