QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 11-də Almatıdakı Rixos Almaty hotelində Qazaxıstan Reklam Sənayesi Forumu RAF-2026 baş tutub. “SIGNALS 2026: Decode Tomorrow” (“Gələcəyin siqnalları: marketinq necə dəyişir?”) mövzulu tədbirdə reklam, marketinq və media sektorlarının təmsilçiləri iştirak ediblər.
Üç tematik zalda təşkil olunan forumun proqramına 30-dan artıq çıxış və panel müzakirəsi daxil edilib. İştirakçılar arasında dövlət qurumlarının, beynəlxalq texnologiya şirkətlərinin, aparıcı brendlərin, reklam və kommunikasiya agentliklərinin, media holdinqlərinin və rəqəmsal platformaların nümayəndələri yer alıblar.
Müzakirələrdə süni intellektin marketinqə təsiri, media istehlakındakı dəyişikliklər, yeni reklam vasitələri, marketinq yatırımlarının səmərəliliyi və Qazaxıstanın reklam bazarının inkişaf imkanları diqqət mərkəzində olub.
Forum çərçivəsində Qazaxıstan Orta Asiya Reklam Assosiasiyası (AACA) ilə Türk Dünyası Marketinq, Reklam və Media Birliyi (TÜREK) arasında əməkdaşlığı genişləndirməyə yönələn addım atılıb. AACA prezidenti Viktor Yelisseyev və TÜREK sədrinin müavini Xəyalə Mütəllimovanın iştirakı ilə assosiasiyanın TÜREK-ə üzvlüyünü təsdiqləyən protokol imzalanıb.
Sənəd imzalandıqdan sonra iki ölkənin nümayəndələri gələcək əməkdaşlıq imkanlarını, tərəfdaşlığın yeni istiqamətlərini və birgə layihələrin icrasını müzakirə ediblər.
Görüşdə Xəyalə Mütəllimova oxşar forumun Azərbaycanda və Türkiyədə də keçirilməsini təklif edib. Qazaxıstan nümayəndələri təşəbbüsə müsbət yanaşdıqlarını və onu dəstəklədiklərini bildiriblər.
Tərəflər arasındakı əməkdaşlıq Türk dünyasında reklam, marketinq və media sahələrinin inkişafı, ölkələr arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi və ortaq təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.