QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları” şirkətlərinin rəhbərlərinin saxlanmasını iri miqyaslı rüşvətxorluğun əlaməti kimi dəyərləndirib.

Qazaxıstan mətbuatının yazdığına görə, Tokayev Təhlükəsizlik Şurasının operativ toplantısında bunun “Qanun və Qayda” konsepsiyasının qəbulundan, eləcə də onun müddəalarının konstitusiyaya salınmasından sonra dövlət müəssisələrində qeydə alınan ilk böyük korrupsiya işi olduğunu bildirib.

Prezident dövlət şirkətlərində geniş yayılmış korrupsiya hallarının mövcudluğunu ciddi xəbərdarlıq kimi qiymətləndirib. İstintaqın başlanğıc mərhələsində olduğunu deyən Tokayev hazırda əlavə məlumat açıqlamağın mümkün olmadığını qeyd edib. O, heç kimin konstitusiyanı pozmasına və bu sənədi ələ salmasına yol verilməyəcəyini vurğulayıb.

Tokayev vəzifəli şəxslərin korrupsiyası ilə bağlı bütün məlumatların ətraflı yoxlanılmasına göstəriş verib. Prezidentin sözlərinə görə, müxtəlif pillələrdə çalışan rəhbərlərlə bağlı hüquqpozma iddialarını Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti Baş Prokurorluğun iştirakı ilə operativ və dərindən araşdıracaq.

Dövlət başçısı hakimiyyətə yaxın şəxslərin məsuliyyətdən kənarda qalmayacağını da bildirib. Onun açıqladığı statistikaya əsasən, 2023-2025-ci illərdə 248 milyard tengedən, yəni 900 milyon manatdan çox məbləğdə 3 168 korrupsiya cinayəti üzə çıxarılıb. 2026-cı ilin ilk 10 ayında bu göstəriciyə daha 751 cinayət əlavə olunub.

Tokayev konstitusiyanın pozulmasına yönələn bütün əməllərin “Qanun və Qayda” prinsipinə əsasən qətiyyətlə dayandırılacağını bəyan edib.