QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov noyabrın 13-də Naxçıvanda vətəndaşlarla görüş keçirib. Qəbul Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında baş tutub.
Qəbul cədvəlinə uyğun olaraq Naxçıvan şəhərindən və digər rayonlardan gələn sakinlərin müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Bu cür qəbullar Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə təşkil olunur.
Görüşdən əvvəl Zaur Mikayılov və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov şəhərin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Mikayılov qaldırılan məsələlərin ətraflı araşdırılması və qanunvericiliyə uyğun olaraq qısa müddətdə həlli üçün tapşırıqlar verib. Vətəndaşlar əsasən suvarma suyunun təminatı, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər mövzularla bağlı müraciət ediblər. Bəzi məsələlər yerindəcə həll olunub, digərləri isə araşdırılması üçün nəzarətə götürülüb.