QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 16-dan 19-dək Gəncədə “Mənəvi dəyərlər” həftəsi keçiriləcək. Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gəncə Dövlət Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Təşəbbüs dini sahədə təhsil alan gənclərin dünyəvi düşüncə tərzini inkişaf etdirməyi, onların Azərbaycançılıq məfkurəsinə, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə və mədəni irsə bağlılığını, həmçinin milli kimlik şüurunu gücləndirməyi hədəfləyir.

Proqramda Gəncə Dövlət Universitetində “Mənəvi dəyərlər” gününün təşkili də yer alıb. Tədbirə aidiyyəti dövlət qurumlarının nümayəndələri, ali məktəblərin rəhbər və pedaqoji heyətləri, eləcə də tələbələr qatılacaq. Universitetin və Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri mövzu ilə bağlı mühazirələr oxuyacaq, müzakirələr aparılacaq.

Həftə çərçivəsində şəhərin zəngin tarixi və dini-mədəni irsini tanıtmaq üçün Gəncədəki tarixi abidələrə və dini məkanlara ekskursiyalar təşkil edilməsi planlaşdırılır.