QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Sankt-Peterburqda 28 yaşlı azərbaycanlı Yaqub Süleymanov keçmiş sevgilisini qətlə yetirməkdə şübhəli bilinir. Hadisə noyabrın 12-də Kalinin rayonunda qadınlara yardım mərkəzinin yaxınlığında baş verib.

27 yaşlı qadın mərkəzin açılmasını gözləyərkən Süleymanovun ona səkkiz dəfə bıçaq vurduğu və boğazını kəsdiyi bildirilir. Ərazidən uzaqlaşdıqdan sonra şübhəli 112-yə zəng edərək cinayəti törətdiyini etiraf edib. O, qısa müddət sonra saxlanılıb.

Rusiya mediasının məlumatına görə, hadisədən əvvəl kişi 2025-ci ildə qadın üçün xərclədiyini iddia etdiyi 800 min rublun geri qaytarılmasını tələb edib. O, borcun ödənməsi üçün qadına böyrəyini satmağı təklif edib və onu öldürməklə hədələyib.

Noyabrın 13-də 78.ru Süleymanovun qadına yönəltdiyi təhdidlərin yer aldığı telefon danışığının səs yazısını yayımlayıb. Yazıda onun qadına iki saat vaxt verdiyi, əks halda bədən üzvlərini kəsəcəyini və bıçaqlayacağını dediyi eşidilir.

Məlumata əsasən, qadın davamlı zorakılığa görə sentyabrda kişidən qaçaraq gizlənməyə başlayıb. Süleymanovun daha əvvəl məhkum edildiyi və üç övladının olduğu bildirilir. Həyatını itirən qadın onun kiçik övladının anasıdır.