QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev ləğv edilən Tərcümə Mərkəzinin yerləşdiyi binanın mədəniyyət ocağı kimi fəaliyyət göstərməsini və mərkəzə ayrılmış büdcənin AYB-yə yönəldilməsini istəyib.
O, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin təşkil etdiyi ictimai dinləmədə səsləndirib. Anarın sözlərinə görə, Tərcümə Mərkəzinin fəaliyyəti bitdikdən sonra binanın saxlanması çətinləşib və orada restoran açılıb.
“Biz həmin yerdə restoran olmasını istəmirik. Orada mədəniyyət məkanı qurmaq, kitabxanamızı köçürmək, “Ədəbiyyat qəzeti” muzeyini yaratmaq, tədbirlər və görüşlər təşkil etmək istəyirik”, – AYB sədri deyib.
Anar Mədəniyyət komitəsinin sədrinə, deputatlara və parlament rəhbərliyinə müraciət edərək məsələnin həllinə dəstək göstərilməsini xahiş edib.
O, Azərbaycan ədəbiyyatının başqa xalqların dillərinə çevrilməsinin və xarici ölkələrdə tanıdılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan siyasi və iqtisadi imkanları, eləcə də ordusu ilə yanaşı, mədəniyyəti ilə də tanınmalıdır.
AYB sədrinin fikrincə, ölkəyə gələn turistlərin Azərbaycanla bağlı təsəvvürü tarixi abidələr, görməli yerlər və milli yeməklərlə məhdud qalmamalıdır. O, İçərişəhərdə Qız Qalasını görən və lüləkababla Şəki paxlavasından danışan turistlərin ölkənin mədəni həyatı ilə də maraqlanmasını vacib sayıb.
“Xarici qonaqların muzeylərimizə axın etməsi, konsert salonlarımızın dolması, kitablarımızın oxunması üçün çalışmalıyıq”, – Anar bildirib.
Yazıçı Azərbaycan mədəniyyətinin Türkiyədə müəyyən qədər tanındığını, Rusiyada və Avropa ölkələrində isə onun daha geniş təbliğinə ehtiyac olduğunu qeyd edib. O, Tərcümə Mərkəzinin əvvəllər kitabların başqa dillərə çevrilməsi ilə məşğul olduğunu xatırladıb, Aydın Məmmədov və Afaq Məsudun qurumun fəaliyyətindəki rolunu vurğulayıb. Anar bu işlərin davamı üçün maliyyə imkanlarının təmin olunmasını vacib hesab edir.
AYB sədri təkcə ədəbiyyat nümunələrinin deyil, Azərbaycan musiqisi, rəssamlığı və teatrı barədə kitabların da xarici dillərdə çapına ehtiyac olduğunu deyib.
“Dünyada tanınmaq istəyirik. Tərcümə işi olmadan buna necə nail ola bilərik? Azərbaycan yazıçılarının əsərləri, mədəniyyətimiz, musiqimiz, rəssamlığımız və teatrımız haqqında kitablar başqa dillərə çevrilməlidir. Bu işi görməyə hazırıq”, – Anar söyləyib.
O, mədəniyyət sahəsində peşəkarların rolunun gücləndirilməsini də vacib sayaraq həvəskarların yaradıcılığına hörmətlə yanaşılmalı, sənətin inkişafında isə peşəkarların bilik və təcrübəsinin əsas götürülməli olduğunu bildirib.