QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 57 milyard 523,4 milyon manatlıq məhsul satılıb. Satışların 31 milyard 58,6 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz yüksəlib. Ərzaq, içki və tütün məhsullarının satışı 1,5 faiz, qeyri-ərzaq mallarının satışı isə 6,6 faiz artıb.

Alıcıların xərclərinin 49,9 faizi ərzaq məhsullarına, 4,1 faizi içkilər və tütün məmulatlarına yönəlib. Toxuculuq məhsulları, geyim və ayaqqabılara 14 faiz, avtomobil yanacağına 6 faiz, elektrik malları və mebelə 5 faiz, əczaçılıq məhsulları və tibbi ləvazimatlara 2,7 faiz, kompüter, telekommunikasiya avadanlığı və çap məhsullarına 1,7 faiz xərclənib. Digər qeyri-ərzaq mallarının payı 16,6 faiz olub.

Hesabat dövründə bir nəfər pərakəndə ticarət şəbəkəsindən ay ərzində orta hesabla 559,9 manatlıq mal alıb. Bu məbləğin 302,3 manatı ərzaq, içki və tütün məhsullarına, 257,6 manatı isə qeyri-ərzaq mallarına düşüb.