QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda rəqəmsal dələduzluq risklərinin azaldılması məqsədilə banklara və ödəniş təşkilatlarına yeni tələblərlə bağlı tövsiyələr göndərib.

Bu barədə AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda məlumat verib.

Cuvarovun sözlərinə görə, qurumların istifadə etdiyi cihazların etibarlılığının yoxlanması, eyni cihazdan müxtəlif müştərilərin hesablarına daxilolma cəhdlərinin aşkarlanması və yeni cihazlardan edilən girişlərin izlənməsi tövsiyələrə daxildir.

Təkliflər arasında tokenləşdirmənin tətbiqi, bank əməliyyatlarının real vaxtda izlənməsi, həmçinin vəsaiti qəbul edən tərəfə nəzarət mexanizmlərinin yaradılması da yer alıb.

Elvin Cuvarov bildirib ki, Mərkəzi Bank maliyyə qurumlarından təhlükəsizlik sistemlərinin hazırkı vəziyyəti, mövcud boşluqlar və onların aradan qaldırılması üçün planlaşdırılan tədbirlər barədə məlumat alıb.

Toplanmış məlumatların təhlilinin bu ilin sonunadək, ən gec isə gələn ilin əvvəlində aparılması nəzərdə tutulur. Nəticələrə əsasən, banklara əlavə tövsiyələr verilə və ya təhlükəsizlik sistemlərinin gücləndirilməsi üçün yeni addımlar müəyyən edilə bilər.