QafqazNews Kommersant-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropanın yeni təhlükəsizlik arxitekturası ilə bağlı Ankaranın «ciddi təklifləri» olduğunu açıqlayıb.

Fidan jurnalistlərə deyib ki, Avropada Rusiya ilə qarşıdurmanın sona çatdırılmasına yönəlmiş yeni təhlükəsizlik arxitekturasının necə olacağı barədə məsələlərin tədricən konkret müzakirəsinə keçməyin vaxtı çatıb. "Bu məsələ ilə bağlı ciddi düşüncələrimiz var və bu barədə tərəflərə təkliflərlə çıxış edirik", — nazir bildirib.

O əlavə edib ki, Türkiyə taxıl tədarükünün Qara dəniz vasitəsilə bərpası məsələləri üzrə Rusiya, Ukrayna və digər ölkələrlə fəal danışıqlar aparır. Nazirin sözlərinə görə, Moskva Kievlə Qara dəniz barədə müvəqqəti razılaşma ilə maraqlanmır; Rusiya əbədi sülh müqaviləsinin imzalanmasını tələb edir.

Hakan Fidan Ankaranın razılaşmanın əldə olunması yolları barədə müəyyən ideyalara malik olduğunu, lakin bu ideyaları açıqlamadığını bildirib.