QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Kanadanın müdafiə naziri Devid Makginti ölkəsinin ABŞ-la hərbi əməkdaşlığına məhdudiyyət tətbiq edildiyi barədə məlumatları təkzib edib.
Makgintinin sözlərinə görə, iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq əvvəlki qaydada davam edir. O, hərbi sahədə və digər fəaliyyət istiqamətlərində heç bir dəyişiklik müşahidə etmədiyini bildirib.
Nazir qeyd edib ki, Kanada ilə ABŞ Karib dənizi üzərindən narkotik qaçaqmalçılığının qarşısının alınması, raket sistemlərinin inteqrasiyası və hava hücumundan müdafiə sahələrində birgə işi davam etdirir.
Bununla yanaşı, Makginti Kanadanın, xüsusən Arktika bölgəsində, öz təhlükəsizliyi ilə bağlı daha böyük məsuliyyət götürməli olduğunu vurğulayıb.
O, Ottavanın ABŞ-ın “Starlink” sisteminə oxşar peyk rabitəsi şəbəkəsi qurmaq üzərində çalışdığını da açıqlayıb.