QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, aloe, fikus və hortenziya kimi ev bitkiləri itlər və pişiklər üçün ciddi, hətta ölümcül təhlükə yarada bilər. Rusiyalı professor Damir Udavliyev bu barədə RT-yə danışıb.

Onun sözlərinə görə, bir sıra bitkilərdə olan alkaloidlər, qlikozidlər, oksalatlar və saponinlər heyvanın dərisinə, tüklərinə və ya selikli qişalarına toxunduqda zəhərlənməyə yol aça bilər. İt və pişiklərdə toksinləri parçalayaraq zərərsizləşdirən fermentlər ya yoxdur, ya da zəif işləyir. Udavliyev bildirib ki, heyvanların maddələr mübadiləsi insandan fərqləndiyi üçün toksinlər bədəndən xaric olmaq əvəzinə toplana bilər.

Ekspert diffenbaxiya, monstera, spatifillum, zamiokulkas və filodendronun tərkibində kalsium oksalat kristallarının olduğunu qeyd edib. Bu kristallar selikli qişaya toxunduqda qırtlaqda şişmə və qıcıqlanma, güclü tüpürcək ifrazı, nəfəsalma çətinliyi yarada bilər. Mədəyə düşməsi isə qusma və böyrək zədələnməsi ilə nəticələnə bilər.

Azaliyada olan qrayanotoksinlər koordinasiyanın pozulmasına, yüksək dozada isə tənəffüs iflicinə səbəb ola bilər. Saqo palmasının tərkibindəki sikazin qaraciyər üçün zəhərlidir. Oleandrda olan ürək qlikozidləri isə az miqdarda belə ölümcül ola, aritmiya və kollaps törədə bilər.

Udavliyevin təhlükəli hesab etdiyi digər bitkilər sırasına sarmaşıq, amarillis, hippeastrum, kliviya, siklamen, beqoniya, puansettiya, drasena, sanseviyerya, bruqmansiya və südləyən də daxildir. Bu bitkilər qusma, ishal, qıcolma, selikli qişaların zədələnməsi və ürək fəaliyyətinin pozulmasına gətirib çıxara bilər.

Mütəxəssis amarillis soğanlarının və siklamen kök yumrularının xüsusilə diqqətlə saxlanmasını tövsiyə edib, çünki toksinlər həmin hissələrdə daha yüksək konsentrasiyada olur.