QafqazNews Kommersant-a istinadən xəbər verir ki, Moskva və Tbilisi ikitərəfli ticarətin genişləndirilməsi barədə yeni tədbirlər barədə razılığa gəlib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvilinin iştirakı ilə keçirilən danışıqların yekunları üzrə məlumat verib.

Rusiya tərəfi Gürcüstandan kənd təsərrüfatı və şərabçılıq məhsullarının tədarükünün artırılması üçün tədbirlər gördüyünü bildirib. Həmçinin, Tbilisinin xahişi ilə əlavə avtomobil daşıma icazələrinin verilməsi təsdiqlənib, deyə diplomat TASS-a məlumat verib.

Danışıqlarda iştirak edənlər ticarət dövriyyəsi və turizm axınının sabit artımını qeyd edərək, bu istiqamətləri ölkələrarası əlaqələrin inkişafının mühüm sürəci kimi dəyərləndiriblər. Qaluzin bildirib ki, Moskva keçirilən görüşün nəticələrini yüksək qiymətləndirib.