QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ hakimiyyəti “biqfut” və “saskvoç” adlandırılan sirli varlıqların görüldüyü barədə arxiv sənədlərini ictimaiyyətə təqdim edib.
Materiallarda şahidlərin söylədikləri, izlərin fotoları və aparılmış araşdırmaların nəticələri toplanıb. Hesabatlardan biri 2010-cu ildə Yuta ştatında qeydə alınmış qeyri-adi hadisələrin öyrənilməsinə aiddir.
ABŞ Müdafiə Nazirliyinin tapşırığı ilə mütəxəssislər 25-dən artıq adamla söhbət ediblər. Onların sözlərinə görə, forma dəyişən varlıqlar, iki ayaq üstə gəzən heyvanlar, sirli işıq saçan obyektlər və qəribə səslər müşahidə olunub.
Şahidlərin təsvirlərində şimpanze sayağı əlləri üstə hərəkət edən, tüksüz və solğun varlıq, həmçinin it bədənli, donuzun sifət quruluşunu xatırladan ağız-burnu olan iri heyvan yer alıb. Lakin tük nümunələrinin təhlili onların itə və yenota aid olduğunu göstərib. Tədqiqatçılar ifadələri bölgənin folkloru ilə əlaqələndiriblər.
Başqa sənədlərdə 1941-ci ildə Montanada ovçuların nəhəng ayaq izləri tapması və vurulmuş sığın cəmdəyinin yoxa çıxması təsvir olunur. Oreqonda 1982-ci ildə aparılan araşdırmaya aid materiallarda isə uzunluğu təxminən 38 santimetr olan izlər qeyd edilib.
Mütəxəssislərdən biri ehtimal edib ki, izlər rezindən və ya gipsdən düzəldilmiş süni ayaqla yaradılıb. Antropoloqların bildirdiyinə görə, yayımlanan sənədlər “qar adamı”nın mövcudluğunu təsdiqləyən yeni və inandırıcı dəlil ortaya qoymur. Çoxsaylı şahid ifadələri və fotolar olsa da, biqfutun varlığı elmi cəhətdən təsdiqlənməyib.