QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Çində noyabrda satılacaq avtomobillərin 70,6 faizinin elektromobil olacağı proqnozlaşdırılır. Eyni vaxtda benzinlə işləyən maşınlara tələbatın azalması davam edir.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) hesablamasına əsasən, ay ərzində 1,15 milyon tam elektrikli və “plug-in” hibrid avtomobil satıla bilər. Bu həcm ölkədəki ümumi avtomobil satışlarının 70,6 faizinə bərabərdir.
Proqnoz reallaşarsa, elektromobillərin Çin bazarındakı payı ardıcıl səkkizinci ay yeni rekorda yüksələcək. Oktyabrda göstərici 67,5 faiz təşkil edib. Bununla yanaşı, CPCA illik müqayisədə benzinli avtomobillərin satışında 46,9 faiz, elektromobil satışlarında isə 12,9 faiz azalma ehtimalını qeyd edir.
Elektrikləşmə prosesində daha yavaş irəliləyən “Volkswagen” və “Toyota” kimi istehsalçılar Çində bazar paylarını itirməkdə davam edirlər. CPCA-nın məlumatına görə, xarici markaların ölkənin avtomobil tədarükündəki payı 2025-ci ilin üçüncü rübündəki 34,6 faizdən bu ilin eyni dövründə 30 faizdən aşağı enib.
İlin əvvəlində ABŞ və İsrailin İrana qarşı müharibəsinin doğurduğu qlobal enerji böhranı Çin elektromobillərinin Avropa da daxil olmaqla xarici bazarlarda satışlarına təkan verib.
CPCA-nın bildirdiyinə görə, Çin istehsalçıları yanvar-sentyabr aylarında daxili və xarici bazarlarda ümumilikdə 11,58 milyon elektromobil satıblar. Bu, dünyada qeydə alınan ümumi satış həcminin 63 faizidir.