QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-də aparılan araşdırmada sınaqdan keçirilmiş avtomobillərin çoxunda yanacaqdan ən səmərəli istifadə saatda 64-80 kilometr sürətdə qeydə alınıb. Bu aralıq bir çox sürücünün qənaət üçün ideal saydığı 90 km/saat həddindən aşağıdır.
İspaniyanın “Auto Bild” nəşrinin yazdığına görə, Oak Ridge Milli Laboratoriyasının tədqiqatına 74 avtomobil cəlb edilib. İspaniyalı yol hərəkəti və avtomobil mütəxəssisləri sürətin yanacaq sərfiyyatına təsirinə diqqət çəkərək qənaət üçün tövsiyə olunan sürət həddini açıqlayıblar.
Mütəxəssislər bütün nəqliyyat vasitələrinə uyğun vahid optimal sürətin olmadığını bildirirlər. Sərfiyyat mühərrikin xüsusiyyətləri, seçilən ötürücü pillə, avtomobilin texniki durumu və hava müqaviməti kimi amillərə görə dəyişir.
İspaniyanın Yol Hərəkəti Baş İdarəsi (DGT) yanacağa qənaət naminə sürücülərə sabit sürəti qorumağı, kəskin sürətlənmə və əyləcləmələrdən yayınmağı məsləhət görür.
Sürət yüksəldikcə avtomobilin qarşılaşdığı hava müqaviməti artır və mühərrik daha çox yanacaq işlətməli olur. Bu səbəbdən yol şəraitinə uyğun, mümkün qədər sabit və orta sürətlə hərəkət etmək tövsiyə edilir.