QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı və ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev Vətən müharibəsinin nəticələri, Azərbaycanın qarşılaşdığı çağırışlar və Türkiyə ilə münasibətlər barədə danışıb.
Quliyev 8 Noyabr Zəfər Gününü müasir Azərbaycanın ən mühüm tarixi hadisələrindən biri kimi xarakterizə edib. Onun sözlərinə görə, 44 günlük müharibədə qazanılan qələbə torpaqların azad olunması ilə yanaşı, 2023-cü il sentyabrın 20-də dövlət suverenliyinin tam bərpasına aparan yolun başlanğıcı olub. Deputat 8 Noyabr və 20 Sentyabr tarixlərini vahid milli mübarizənin iki mühüm mərhələsi adlandırıb.
O bildirib ki, Azərbaycanın qələbəsi ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, beynəlxalq münasibətlər sistemində mövqeyini də dəyişib. Quliyev qeyd edib ki, Azərbaycan uzun müddət davam edən dövlətlərarası münaqişəni öz gücü ilə həll edib və 27 il icra olunmayan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsinə nail olub.
Deputatın fikrincə, qələbənin siyasi nəticələrindən biri Ermənistanın kapitulyasiyaya məcbur edilməsi, sülh sazişinin paraflanması və ATƏT-in fəaliyyətsiz Minsk qrupunun ləğvinə razılıq alınmasıdır. O, baş verənləri beynəlxalq münasibətlər tarixində mühüm presedent sayaraq, dövlətlərin beynəlxalq hüquq pozuntuları qarşısında öz suveren hüquqlarını qorumaq iradəsinə malik ola biləcəyini vurğulayıb.
Quliyev müharibədən sonra Cənubi Qafqazda güc balansının və geosiyasi xəritənin dəyişdiyini deyib. Onun sözlərinə görə, bəzi dövlətlərin Ermənistan-Azərbaycan münaqişəsindən regional təsir vasitəsi kimi yararlanmaq imkanları məhdudlaşıb. Zəngəzur dəhlizi isə Türk dünyasını coğrafi baxımdan birləşdirən və Avropa ilə Asiya arasındakı ən qısa kommunikasiya marşrutu kimi yeni geosiyasi və iqtisadi əhəmiyyət qazanıb.
O, həmçinin Mərkəzi Asiyanın türk dövlətlərində xarici siyasətə olan inamın artdığını, Türk Dövlətləri Təşkilatının inteqrasiyasının sürətləndiyini bildirib. Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla müttəfiqlik sənədləri imzalamasının Türk dünyasının siyasi coğrafiyasına töhfə verdiyini deyən deputat, qələbədən sonra ölkənin Çin və ABŞ ilə münasibətlərinin yeni mərhələyə yüksəldiyini, Avropa, Asiya və Afrikada nüfuzunun artdığını qeyd edib. Onun qənaətinə görə, Azərbaycan beynəlxalq sistemdə “orta güc” dövlətləri sırasına daxil olub.
Quliyev qələbənin mənəvi-tarixi təsirlərindən danışarkən Qarabağda son 200 ildə müxtəlif formalarda mövcud olmuş separatçılığın sona çatdığını bildirib. O, “miatsum” ideologiyasını müdafiə edən qüvvələrin məğlubiyyətə uğradığını, xalqın məğlubiyyət sindromundan qurtularaq milli qürurunu bərpa etdiyini söyləyib. Deputat qələbənin təmin olunmasında xalq-iqtidar birliyinin mühüm rol oynadığını, Prezident İlham Əliyevin hərbi, informasiya və diplomatiya cəbhələrində mübarizə apardığını vurğulayıb.
Hüquqi nəticələri şərh edən Quliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini beynəlxalq hüquq və ədalət baxımından əhəmiyyətli hadisə adlandırıb. O bildirib ki, ölkə xalqımıza qarşı müharibə cinayətləri və soyqırımı törətmiş şəxslərin böyük bir hissəsinin məsuliyyətə cəlb olunmasına şərait yaradıb.
Deputat qarşıda ciddi sınaqların qaldığını da qeyd edib. Ermənistanla rəsmi sülh müqaviləsinin imzalanmadığını və bunun nə vaxt baş verəcəyinin məlum olmadığını deyən Quliyev Azərbaycana qarşı təzyiq kampaniyasının gücləndiyini bildirib. Onun sözlərinə görə, erməni lobbisi, revanşist qüvvələr və tərəfdarları ölkəyə zərbə vurmaq üçün fürsət axtarır. O, AŞPA və Avropa Parlamentinin, eləcə də ABŞ senatorları və konqresmenlərinin mövqeyini qərəzli hesab edib. Quliyev ABŞ-də aralıq seçkilərdən sonra demokratların hər iki palatada üstünlük əldə etməsinin Azərbaycana qarşı əsassız hücumları artıra biləcəyini söyləyib. Xaricdən yönələn ideoloji təhlükələri, şimal və cənub sərhədləri yaxınlığındakı müharibələri və regional gərginliyi də təhlükəsizlik çağırışları sırasında göstərib.
Quliyev mürəkkəb şəraitdə əsas dayağın milli birlik və siyasi həmrəyliyin qorunması olduğunu bildirib. Onun fikrincə, ölkəyə yönələn təzyiqlərin məqsədlərindən biri cəmiyyətdə parçalanma yaratmaq və xalq-iqtidar birliyini zəiflətməkdir. Deputat xüsusilə gənclərin dünyagörüşünə təsir göstərmək və onları müxtəlif düşərgələrə ayırmaq cəhdlərinə qarşı diqqətli olmağa çağırıb. O, Azərbaycançılıq məfkurəsini mənəvi və ideoloji müdafiənin mühüm dayağı kimi göstərərək, siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin dövlətçilik, milli maraqlar, ərazi bütövlüyü və suverenlik ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
8 Noyabr münasibətilə təbriklərini çatdıran Quliyev Prezident İlham Əliyevə, Silahlı Qüvvələrə, şəhid ailələrinə, qazilərə və xalqa ehtiramını ifadə edib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Azərbaycana səfər etmək niyyətinə münasibət bildirən deputat bunu sevindirici xəbər adlandırıb. Quliyev son həftələr Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaşandığını qeyd edərək, səfərin baş tutacağı halda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın narahatlıq doğuran məsələləri açıq və qardaşcasına müzakirə edərək qarşılıqlı anlaşma əsasında həll yolu tapa biləcəklərinə inandığını söyləyib. Onun fikrincə, iki ölkənin müttəfiqliyi bu sınaqdan daha da möhkəmlənərək çıxacaq və qardaşlığa xələl gətirmək, araya nifaq salmaq istəyənlərin planları nəticəsiz qalacaq.