QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan bərpa olunan enerji və ərzaq təhlükəsizliyi sahələrində Çinlə əməkdaşlığı genişləndirmək, bu ölkənin texnologiya və təcrübəsindən yararlanmaq niyyətindədir. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu barədə “China Daily”yə müsahibəsində danışıb.
Əmirbəyovun sözlərinə görə, Çin Sədri Si Cinpinin 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında təqdim etdiyi Qlobal İnkişaf Təşəbbüsünün əsas istiqamətləri Azərbaycanın 2030-cu ilədək İnkişaf Strategiyasının prioritetlərinə uyğundur. Bu uyğunluq, onun fikrincə, ikitərəfli əlaqələrdə konkret və praktiki nəticələrin əldə olunmasını asanlaşdırır.
O bildirib ki, Azərbaycan modernləşmə, rəqəmsal tərəqqi və “yaşıl iqtisadiyyat”a keçidə xüsusi önəm verir. Ərzaq təhlükəsizliyinin təmin olunması da ölkənin milli strategiyasının başlıca istiqamətlərindəndir.
Əmirbəyov qeyd edib ki, Azərbaycan uzun müddət neft və qaz kimi karbohidrogenlərin tədarükçüsü kimi tanınıb. Bununla yanaşı, ölkə enerji mənbələrini şaxələndirir və günəş, külək enerjisi də daxil olmaqla bərpa olunan mənbələrin inkişafına resurs və səylər ayırır.
“Çin şirkətlərinin Azərbaycan bazarına daxil olmaq və bu istiqamətdə əməkdaşlıq etmək marağını görməyə hazırıq və bunu müsbət qarşılayırıq. Ərzaq təhlükəsizliyi sahəsində də Çinin texnoloji uğurlarından və təcrübəsindən faydalanmağa açığıq. Bu məsələ hər bir dövlətin milli təhlükəsizliyi baxımından mühüm yer tutur, çünki ərzaq təminatının qorunması zəruridir. Rəqəmsal inkişaf, yaşıl iqtisadiyyat və ərzaq təhlükəsizliyi üzrə yalnız siyasi bəyanatlarla kifayətlənmirik; əməkdaşlığımızı genişləndirəcək konkret planlarımız və layihələrimiz də var”, – o deyib.
Nümayəndə vurğulayıb ki, geosiyasi qeyri-sabitlik, iqtisadi bərabərsizlik və iqlim dəyişikliyi kimi problemlər fonunda inkişafı qlobal gündəmin mərkəzində saxlamaq vacibdir. O, Azərbaycanın Qlobal İnkişaf Təşəbbüsünə dəstəyinin səbəblərindən birinin bu təşəbbüsün milli inkişaf prioritetlərini tamamlaması olduğunu söyləyib.
Əmirbəyov təşəbbüsün prinsipləri sırasında inklüzivliyi və inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün bərabər imkanların yaradılmasını qeyd edib. Onun sözlərinə görə, təşəbbüs diqqətə layiqdir, bir sıra dövlətlər tərəfindən dəstəklənir və vaxtında irəli sürülüb. O, təşəbbüsün dayanıqlı inkişafa və BMT-nin 2030-cu ilədək Gündəliyinin hədəflərinə çatmaq üçün beynəlxalq səylərə töhfə verdiyini bildirib.
Prezidentin nümayəndəsi Çin şirkətlərinin Orta Dəhlizə marağının artdığını da diqqətə çatdırıb. Çin mallarının artıq Azərbaycan üzərindən bu marşrutla Avropaya daşındığını deyən Əmirbəyov Orta Dəhlizi Çinin qərb bölgələrini Qərbi Avropa ilə birləşdirən iqtisadi baxımdan ən səmərəli, təhlükəsiz və qısa yol kimi xarakterizə edib. Onun sözlərinə görə, bu marşrut iki ölkənin əməkdaşlığını davam etdirə biləcəyi istiqamətlərdən biridir.