QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində İranın dini və ideoloji təsirinin artması 2026-cı ildə müzakirə mövzusu olub. Bildirilir ki, bölgədəki İranmeyilli radikal qrupların fəaliyyətində dünyəvi Azərbaycan dövlətçiliyinə qarşı çağırışlar və ölkənin daxili siyasəti ilə bağlı narazılıq yaratmaq cəhdləri müşahidə edilir. Tədqiqatçılar, siyasətçilər və şərhçilər İranın şiə icmaları, məscidlər, dini təhsil müəssisələri və Qumda təhsil alan gənclər vasitəsilə təsirini genişləndirməyə çalışdığını deyirlər. Bəzi müşahidəçilər və keçmiş rəsmilər dini mərasimlərdə, aksiyalarda İran simvollarından istifadənin və təbliğatın güclənməsinin təhlükəsizlik riski olduğunu bildirirlər.

Gürcüstanın üçüncü prezidenti Mixael Saakaşvili sosial şəbəkə hesabındakı paylaşımında İranı Gürcüstandakı azərbaycanlıların radikallaşdırılmasına çalışmaqda ittiham edib və bunu ölkənin müstəqilliyi üçün təhlükə adlandırıb. O bildirib: “Artıq Azərbaycana təsir göstərə bilməyən İran fəal şəkildə Gürcüstanda yaşayan azərbaycanlıların dini baxımdan radikallaşdırılmasını həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Bu radikallar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə yaradırlar”.

Məqalədə irəli sürülən iddiaya əsasən, Azərbaycanda radikal şiə qruplarının fəaliyyətinə məhdudiyyətlərdən sonra Tehran dini-ideoloji fəaliyyətini azərbaycanlıların kompakt yaşadığı Borçalıya, əsasən də Marneuliyə yönəldib.

Bildirilir ki, İran müxtəlif dini fondlar, QHT-lər və xeyriyyə təşkilatları vasitəsilə bölgədə məscid və dini mərkəzlərin inşası ilə fəaliyyətini maliyyələşdirir. Yerli gənclərin Qum şəhərində ödənişsiz dini təhsil proqramlarına cəlb edildiyi də qeyd olunur. Mənbədə bu addımların məzhəb qarşıdurması və ayrı-seçkilik yaratmaq niyyəti daşıya biləcəyi vurğulanır.

Marneulidə İran üslubunda dini atributların və geyimlərin, o cümlədən hicabın müəyyən növünün yayıldığı, kütləvi mərasimlərdə radikal şüarların artdığı bildirilir. Bu il Məhərrəm ayında Gürcüstandakı azərbaycanlıların keçirdiyi Tasua və Aşurə mərasimləri də sosial şəbəkələrdə geniş müzakirə olunub. Həmin tədbirlərdə İran simvollarından, o cümlədən mərhum ali dini lider Seyid Əli Xameneinin portretlərindən istifadə edildiyi qeyd olunur.

Məsələ Gürcüstan parlamentində də gündəmə gətirilib və parlamentin vitse-spikeri münasibətini bildirib. İranın Gürcüstandakı fəaliyyətinin səbəbləri və bunun Azərbaycan üçün terror təhlükəsi yaradıb-yaratmadığı barədə suallar səsləndirilib.

Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, İran oxşar fəaliyyəti yalnız Gürcüstanda deyil, bir çox ölkədə həyata keçirir. O hesab edir ki, Azərbaycanın məqsədəuyğun addımlarından biri Gürcüstan azərbaycanlılarının bu təsirə düşməməsi üçün milli ideologiyanı gücləndirməkdir.

Rzayev bildirib ki, həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların milli ideya ətrafında birləşdirilməsi vacibdir. Onun fikrincə, Azərbaycan digər ölkələrdə yaşayan soydaşlarına təsir göstərərkən həmin dövlətlərin suverenliyinə hörmət etməlidir. Gürcüstanın suverenliyi çərçivəsində yerli hakimiyyətlərlə əlaqələrin, təhsil, mədəniyyət və iqtisadi münasibətlərin inkişafı, eləcə də milli və türk kimliyinin önə çəkilməsi İranın təsirlərini azaltmağa kömək edə bilər.

Ekspert düşünür ki, Tehran Borçalı azərbaycanlıları ilə Azərbaycan vətəndaşları arasında fərqləri dərinləşdirməyə və türk kimliyini arxa plana keçirməyə çalışır. Bununla yanaşı, o, bölgədə İranın imkanlarını Azərbaycanın imkanlarından xeyli aşağı qiymətləndirir. Rzayevin sözlərinə görə, Borçalı sakinlərinin əksəriyyəti şiə deyil, sünnidir; İranın təsiri isə əsasən şiə icmalarında və müəyyən din xadimləri ilə icmalar vasitəsilə hiss olunur. Belə məkanlarda dini kimliyin milli kimlikdən önə keçə biləcəyini qeyd edib.

Rzayev əlavə edib ki, bəzi hallarda rəsmi Tiflis Azərbaycanın təsirini tarazlamaq məqsədilə İranın fəaliyyətinə ciddi mane olmur. O, Kərkük türkmənləri arasında baş verən dəyişiklikləri nümunə göstərərək, vaxtında addım atılmasa, Borçalı və Dərbənddə də oxşar proseslərin yaşana biləcəyini deyib.

Siyasi şərhçi Asif Nərimanlı isə İranın Gürcüstandakı azərbaycanlılara yönəlmiş siyasətini Tehranın regional strategiyasının bir hissəsi sayır. Onun sözlərinə görə, bu siyasətin əsas xətti İslam inqilabının ixracı, dini platformadan istifadə etməklə İranın maraqlarına xidmət edən şəbəkələrin yaradılmasıdır. Nərimanlı Gürcüstanda şiəliyin siyasi alətə çevrilərək Tehrana bağlı qrupların formalaşdırılmasına çalışıldığını bildirib.

Ekspertin qənaətinə görə, bu fəaliyyətin mümkün sonrakı mərhələsi bölgə ilə bağlı şəbəkələrin silahlandırılması və yarımsilahlı siyasi qruplara çevrilməsidir. O, məqsədlər sırasında hakimiyyətə təsir göstərilməsini, hakimiyyətin ələ keçirilməsini və mövcud quruluşun dəyişdirilməsini sadalayıb. Nərimanlı bu meyllərin Azərbaycanda 2015-ci il Nardaran və sonrakı Gəncə hadisələrində, eləcə də “Müsəlman Birliyi” və “Hüseynin” qruplaşmalarının fəaliyyətində göründüyünü deyib. Onun fikrincə, İran oxşar siyasəti Gürcüstandakı azərbaycanlılar arasında da yürüdür.

Nərimanlı İranın bu istiqamətdə qismən nəticə əldə etdiyini bildirib. Onun sözlərincə, Azərbaycanda dövlət müdaxiləsindən sonra şəbəkə xeyli zəiflədilib, lakin məktəblərdə vahid geyimlə bağlı proseslər bu təsirin lazım gəldikdə hərəkətə gətirilə biləcək ocaqlarının qaldığını göstərib. O, Gürcüstan və Rusiyadakı azərbaycanlıların İranın təsirinə daha açıq olduğunu, Moskvada da İranla əlaqəli məscidlərin mövcudluğunu qeyd edib. Borçalıda əhalinin kompakt yaşaması isə bu təsir üçün şərait yaradır.

Ekspert bildirib ki, Gürcüstanda dini icmalara nəzarət prosesi 2003-cü ildə başlanıb və sünnilər üzərində Türkiyənin təsirini azaltmaq məqsədi daşıyıb. Bu proses 2009-cu ildə Borçalıya çatıb, 2011-ci ildə isə Gürcüstan Müsəlmanları İdarəsi və Ali Dini İdarə yaradılıb. Nərimanlı həmin qurumun Marneulidə İranın təsiri altında olan şəxslər tərəfindən yaradıldığını iddia edib. Qafqaz Müsəlmanları İdarəsinin bölgədən kənarlaşdırılmasının İran üçün əlavə imkan yaratdığını, Gürcüstan Müsəlmanları İdarəsinin tədbirlərində İrandan gələn nümayəndələrin iştirak etdiyini bildirib. Onun qənaətinə görə, bu təsir sünni-şiə qarşıdurmasını gücləndirə, Tiflis üçün isə icmaların parçalı qalması sərfəli ola bilər.

Nərimanlı sonda İranın fəaliyyəti Borçalı azərbaycanlıları arasında dini kimliyi gücləndirərsə, milli kimliyin arxa plana keçə biləcəyini deyib. O, mövcud vəziyyətin həm Azərbaycanın, həm də Gürcüstanın təhlükəsizliyi üçün ciddi problemlər yarada biləcəyini vurğulayıb.