QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə havanın çirklənməsinə qarşı tədbirlərin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası 2028-2035-ci illər üçün plan layihəsini 2027-ci il noyabrın 1-dək hazırlamalı və dövlət başçısına təqdim etməlidir.

Plan çərçivəsində çirklənmənin əsas mənbələrinin qiymətləndirilməsi, atmosferə atılan zərərli maddələrin azaldılması, hava keyfiyyətinə monitorinq və rəqəmsal nəzarətin təkmilləşdirilməsi, eləcə də ictimaiyyətin məlumat əldə etmək imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Gözlənilən tədbirlər sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, havanın keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dayanıqlılığın artırılmasına yönəlib.