QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əmək haqqı 1 172,7 manat olub. Rəsmi göstərici ilə bağlı iqtisadçı Natiq Cəfərli bu məbləğin necə hesablandığını açıqlayıb.
Onun sözlərinə görə, orta aylıq əmək haqqı hesabat dövründə ölkə üzrə hesablanmış əmək haqqı fondunun muzdla işləyənlərin sayına, sonra isə dövrün aylarının sayına bölünməsi ilə müəyyən edilir. Cəfərli bildirib ki, açıqlanan 1 172 manat 70 qəpiyə vergi, işsizlik və tibbi sığorta haqları, eləcə də DSMF ödənişləri daxildir. Bu tutulmalar çıxıldıqda məbləğin təxminən 1 000 manata enəcəyini qeyd edib.
İqtisadçı median əmək haqqının real mənzərəni daha dolğun göstərdiyini, lakin bu göstəricinin rəsmi statistikada açıqlanmadığını vurğulayıb. Median əmək haqqı bütün rəsmi işçilərin maaşları artan sıra ilə düzüldükdə ortada qalan məbləğdir: çalışanların yarısı bundan aşağı, digər yarısı isə yuxarı maaş alır.
Cəfərlinin sözlərinə görə, dolayı hesablamalar Azərbaycanda median əmək haqqının orta aylıq əmək haqqının təxminən yarısı olduğunu göstərir. O, bu göstəricinin hazırda 580-590 manat civarında olduğunu və muzdla çalışanların yarısının həmin məbləğdən az qazandığını bildirib. İqtisadçı bunu çox pis göstərici və kasıblıq əlamətlərindən biri kimi qiymətləndirib.