QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilədək elektrik avtomobillərinin payının 100 faizə çatdırılması və alternativ yanacaqlara keçid nəzərdə tutulur. Bu hədəflər Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında əksini tapıb.
Sənəddə bildirilir ki, 2022-ci ilin nəticələrinə görə 9,3 milyon ton CO₂ ekvivalentinə bərabər olan nəqliyyat emissiyaları ölkənin ümumi istixana qazı buraxılışının təxminən 13 faizini təşkil edir. Bu sahənin karbon emissiyalarının azaldılması mərhələli şəkildə aparılacaq.
Strategiya daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin dövriyyədən tədricən çıxarılmasını nəzərdə tutur. 2060-cı ilədək minik avtomobilləri və şəhər avtobusları üzrə elektrik və ekoloji nəqliyyatın payının 100 faizə, yük daşımalarında isə 75 faizə çatdırılması planlaşdırılır.
Bundan əlavə, ölkənin dəmir yolu şəbəkəsinin bütövlükdə elektrikləşdirilməsi nəzərdə tutulub. Dəniz nəqliyyatında metanolun tam tətbiqi, aviasiyada isə dayanıqlı aviasiya yanacağından mərhələli istifadə planlaşdırılır. Strategiyanın məqsədlərindən biri yük axınlarının avtomobil yollarından dəmir yolu magistrallarına genişmiqyaslı yönləndirilməsidir.