QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda bir neçə gündür davam edən yağıntılı hava şəraitinin noyabrın 10-da əsasən səngiməsi gözlənilir. Bəzi ərazilərdə leysan xarakterli yağışlar yağır, dağlıq rayonlarda isə qar qeydə alınır.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində yağıntılar fasilələrlə davam edir və bəzi yerlərdə intensiv xarakter daşıyır. Dağlıq ərazilərdə qar yağır.
Onun sözlərinə görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında səhər saatlarında yağışın tədricən dayanacağı, günün əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyini gündüz şimal-şərq küləyi əvəz edəcək. Maksimal temperatur 10-12 dərəcə isti olacaq.
Bölgələrdə də sabah əsasən yağmursuz hava gözlənilir. Bununla belə, gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu 10-15 dərəcə isti, dağlıq ərazilərdə isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.