QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət nəzarətdədir, son aylarda qızılcaya yoluxma halları isə azalıb. Bu barədə Səhiyyə Nazirliyi bildirib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təhlillərinə görə, qeydə alınan qızılca halları əsasən sporadik xarakter daşıyır. Yoluxmalar daha çox peyvənd olunmayan və ya peyvənd kursunu tamamlamayan şəxslər arasında müşahidə edilir. Nazirliyin açıqlamasında hazırkı vəziyyətin əhali arasında narahatlıq doğurmadığı qeyd olunub.

Qızılcanın ilkin əlamətləri yüksək hərarət, halsızlıq, öskürək, burun axması, gözlərin qızarması və sulanması ola bilər. Bir neçə gün sonra səpgilər, adətən əvvəlcə üzdə, daha sonra bədənin başqa hissələrində yaranır. Bəzi xəstələrdə ağız boşluğunun selikli qişasında xırda ağ ləkələr də görünə bilər.

Xəstəlik pnevmoniya, otit və ensefalit kimi ağırlaşmalara gətirib çıxara bilər. Əlamətlər aşkarlandıqda başqaları ilə, xüsusən də uşaqlarla təması azaltmaq və vaxtında həkimə müraciət etmək tövsiyə olunur. Nazirlik qızılcadan qorunmağın ən təsirli yolunun vaksinasiya olduğunu vurğulayıb. Valideynlərdən uşaqların Milli Peyvənd Təqviminə uyğun olaraq QPM — qızılca, parotit və məxmərək — peyvəndini vaxtında və tam almasına diqqət yetirmək istənilib.

Suçiçəyi ilə bağlı da ölkədə kütləvi yayılma və epidemioloji gərginlik qeydə alınmayıb. Ayrı-ayrı yoluxma halları xəstəliyin epidemioloji xüsusiyyətlərinə uyğundur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hər iki xəstəlik üzrə nəzarəti davam etdirir, zərurət yaranarsa yayılmanın qarşısını almaq üçün profilaktik və əksepidemik tədbirlər görür.

Nazirliyin məlumatında, həmçinin son vaxtlar dünyanın müxtəlif ölkələrində qızılca yoluxmalarının rekord həddə çatdığı, bəzi ölkələrin isə qızılcadan azad ərazi statusunu itirdiyi xatırladılıb.