QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qarabağ Universitetinin iki tələbəsi arasında baş verən mübahisə məhkəmədə araşdırılıb. Hadisə Biznes və iqtisadiyyat fakültəsinin ikinci kursunda qeydə alınıb.

İş materiallarına görə, Təbriz Muradov (ad və soyadlar şərtidir) Sevda adlı tələbə ilə dostlaşmaq istəyib. Lakin Sadiqin həmin qızla yaxın münasibət qurması iki gənc arasında qarşıdurmaya yol açıb.

Cinayət işi üzrə istintaq başa çatdıqdan sonra materiallar məhkəməyə göndərilib. Məhkəmədə müəyyən edilib ki, Təbriz bu münasibətə görə Sadiqə əsəbiləşib və onunla danışmaq üçün Xankəndidəki marketin yaxınlığında yerləşən körpüyə çağırıb. Görüşdə Təbriz Sadiqin üzünə yumruq vurub.

Təbriz ifadəsində deyib ki, hadisədən sonra Sadiq digər tələbələrin yanına gedərək onun tərəfindən döyüldüyünü və tələbə yoldaşlarının təhqir olunduğunu söyləyib. Ardınca tərəflər məsələni müzakirə etmək üçün Xankəndidəki restoranlardan birində yenidən görüşüblər.

Sadiqin sözlərinə görə, restorandakı görüş zamanı Təbriz başqa tələbələrin yanında ona qarşı nalayiq ifadələr işlədib və nüfuzuna xələl gətirməyə çalışıb. Təbriz isə bu ittihamları rədd edib. O, heç kimi təhqir etmədiyini, görüşün kimin haqlı olduğunu aydınlaşdırmaq üçün keçirildiyini bildirib. Baş verənlərə görə peşman olduğunu desə də, təqsirini qəbul etməyib.

Qarabağ Universitetindən xaric edildiyini bildirən Sadiq Təbrizi bağışlamadığını və barışmaq niyyətində olmadığını qeyd edib. O, məhkəmədən Təbriz barəsində inzibati həbs tətbiq olunmasını istəyib.

Məhkəmə Təbrizi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə) və 510.1-ci maddəsi (xırda xuliqanlıq) üzrə təqsirli bilərək 350 manat cərimələyib.