QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, qatarlara daş atılması sərnişinlərin və dəmir yolu işçilərinin təhlükəsizliyini riskə atır, həmçinin vaqonlara ziyan vurur. Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
ADY-nin bildirdiyinə görə, 2026-cı ilin ilk 10 ayı ərzində qurumun qatarlarına 26 dəfə daş atılması qeydə alınıb. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz aşağıdır.
Daş atılması vaqonların şüşələrinə və digər hissələrinə zərər yetirməklə yanaşı, sərnişinlərin, maşinistlərin və bələdçilərin həyatını təhlükəyə salır. Bu hadisələr qatarların gecikməsinə, sərnişin və yük daşımalarının fasiləsizliyinin pozulmasına da gətirib çıxara bilər.
ADY faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verildiyini qeyd edib. Hər hadisə araşdırılıb və müvafiq hüquqi məsuliyyət tədbirləri görülüb.
Qurumun xəbərdarlığına əsasən, qatarlara daş atanlar qanunvericiliyə uyğun məsuliyyət daşıya və vurduqları zərəri ödəməli ola bilərlər.
ADY dəmir yolu ərazisində təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Təhlükəli vəziyyət yaranarsa, vətəndaşlar DİN-in 102 Zəng Mərkəzinə və ya ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verə bilərlər.