QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 2027-ci ilin sonunda ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,3 faiz artmasının gözlənildiyini bildirib. O, bu barədə Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunarkən danışıb.
Kazımov qlobal geosiyasi gərginliklər fonunda ölkədə iqtisadi inkişafın davam etdiyini, sosial rifahın yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü və makroiqtisadi sabitliyin qorunduğunu qeyd edib. Onun sözlərinə görə, 2026-cı ilin yekununda illik inflyasiya 5,1 faiz olacaq. Ortamüddətli dövr üçün inflyasiyanın hədəf diapazonunda qalacağı proqnozlaşdırılır.
AMB sədrinin açıqlamasına əsasən, 2026-cı ilin ilk 10 ayında iqtisadi artım 1,1 faiz, qeyri-neft-qaz sektorundakı yüksəliş isə 3,9 faiz olub. Mərkəzi Bankın oktyabr proqnozlarında gələn ilin sonunadək artımın sürətlənəcəyi və qeyri-neft-qaz sektorunun ÜDM-in əsas hərəkətverici qüvvəsi olmağa davam edəcəyi bildirilir.
Xarici ticarətə dair 9 aylıq rəsmi gömrük məlumatlarında 10,1 milyard dollarlıq profisit qeydə alınıb. Cari əməliyyatlar balansının ilk 6 aylıq göstəricisi isə 4,7 milyard dollar və ya ÜDM-in 4 faizi olub. Kazımov 2026-cı il üçün bu balansda 8,5 milyard dollar, 2027-ci il üçün isə 5,5 milyard dollar profisit gözlənildiyini deyib.
Mərkəzi Bankın sədri əlavə edib ki, cari ilin ilk 10 ayının nəticələrinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 88,6 milyard dollara yüksəlib. Bu ehtiyatların həcmi geniş pul kütləsindən 3 dəfə, birbaşa xarici dövlət borcundan isə təxminən 7 dəfə çoxdur. Kazımov onları milli iqtisadiyyatın və manatın məzənnəsinin dayanıqlılığının etibarlı təminatı kimi xarakterizə edib.