QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda dələduzluqda təqsirləndirilən Neftçala sakini Rauf Dadaşov həbs edilib.
İttihama əsasən, Dadaşov özünü vəzifəli şəxs kimi təqdim edib, yüksək vəzifələrdə çalışan tanışlarının olduğunu deyərək insanlara müxtəlif vədlər verib. O, zərərçəkmişləri dövlət qurumlarında işə düzəltmək və cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azadlığa buraxdırmaq imkanına malik olduğunu bildirib.
Təqsirləndirilən şəxsin “İpək yolu” MMC-nin vəzifəli şəxsi ilə bağlı məhkəmə işində tanışları vasitəsilə bəraət qərarı təmin edəcəyini vəd edərək 70 min manat aldığı bildirilir. O, həmçinin MMC-də keçirilən audit yoxlamasının nəticəsinin həmin şəxsin xeyrinə olacağı vədi ilə daha 70 min manat əldə etməkdə ittiham olunur.
Rauf Dadaşova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi — külli miqdarda ziyan vurmaqla dələduzluq — üzrə ittiham irəli sürülüb. Məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib.
İttihama görə, zərərçəkmişlərə dəymiş ziyan 200 min manata yaxındır. İstintaq müddətində onun 67 min 500 manatı ödənilib. Cinayət işi üzrə məhkəmə prosesinin yaxın zamanda başlanacağı gözlənilir.