QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda, İlqar Zülfüqarov küçəsi 89 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri göndərilib. Əməliyyat şəraitinin araşdırılması zamanı alovun binanın dördüncü mərtəbəsində yerləşən mənzildə başladığı müəyyənləşib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb. Ümumi sahəsi 81 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində yanar konstruksiyalar 10 kvadratmetr sahədə zərər görüb.
Mənzilin qalan otaqları və qonşu mənzillər yanğından qorunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.