QafqazNews Manset.az-a istinadən xəbər verir ki, paytaxt bazarlarında kənd yumurtasının bir ədədi hazırda 45-50 qəpiyə təklif olunur. Qiymət son aylarda nəzərəçarpacaq dərəcədə artıb.

Satıcılar bildirirlər ki, yayda 20-30 qəpiyə satılan yumurta son bir-iki ayda bahalaşıb. Onların sözlərinə görə, əsas səbəb bölgələrdə istehsalın azalmasıdır.

Fermerlər qiymət artımını yem xərclərinin yüksəlməsi, quşlar arasında xəstəliklərin yayılması və təsərrüfatlarda toyuqların sayının azalması ilə izah edirlər. Kənd yerlərində də bir yumurtanın 35-40 qəpiyə satıldığı qeyd olunur.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli bahalaşmanın mövsümi olduğunu deyib. Qışda günlərin qısalması, havanın soyuması və toyuqların yemlənmə imkanlarının məhdudlaşması istehsalı aşağı salır.

Mürvət Həsənlinin açıqladığı göstəricilərə görə, yayda gündəlik kənd yumurtası istehsalı 380-400 min ədəd olduğu halda, qış aylarında bu rəqəm 80-120 minə enir.

Kənd yumurtasının qiymətinin martdan sonra aşağı düşəcəyi gözlənilir.