QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi səbəbindən həmin ərazidə iş tapa bilməyən həyat yoldaşına minimum aylıq əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif edilir.

Bu barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Onun sözlərinə görə, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif olunan dəyişiklik bu ödənişi nəzərdə tutur. Dəyişiklik qanunun 21-ci maddəsinə aiddir.

Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114 və 135-ci maddələrində uşağa qulluq məsələsi ilə bağlı dəyişikliklər təklif olunub.

Nağıyev bildirib ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 87 və 88-ci maddələrinə, eləcə də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38-ci maddəsinə də dəyişiklik edilməsi nəzərdə tutulur.

Onun qeyd etdiyinə görə, təkliflər hərbçilərin ailələrinin sosial müdafiəsini gücləndirmək, xidmət yeri ilə bağlı məşğulluq çətinliklərini azaltmaq və müvafiq qanunvericilik aktlarını təkmilləşdirmək məqsədi daşıyır.